Naxçıvan paralimpiyaçıları ənənəvi yarışı 4 medala tamamlayıb

Sumqayıt Paralimpiya İdman Kompleksində Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçirilib. 6 idman növündə (paracüdo, parastolüstü tennis, parataekvondo, paraüzgüçülük, parapauerliftinq, boccia) müxtəlif kateqoriyalar üzrə 130-dan çox uşaq paralimpiyaçı medallar uğrunda mübarizə aparıb.

Paralimpiya Oyunlarında muxtar respublikadan 3 məşqçi və 5 idmançı iştirak edib. Parapauerliftinq yarışında mübarizə aparan təmsilçilərimizdən Həsən Qasımov (50 kq+) gümüş, Mehdi Quliyev (50 kq) bürünc medalçı olub. Stolüstü tennis yarışında Sənan Mirzəyev gümüş, İsmayıl Həsənli isə bürünc medal qazanıb. Bununla Naxçıvan paralimpiyaçıları yarışı 2 gümüş və 2 bürünc medalla tamamlayıblar. 

Uşaq Paralimpiya Oyunlarının keçirilməsində əsas məqsəd 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərin idmana cəlbi ilə Azərbaycanı beynəlxalq idman arenalarında layiqincə təmsil edəcək yeni idmançı nəslinin formalaşdırılmasıdır.